Rusiya və Ermənistan vətəndaşı, erməni milyarderi Ruben Vardanyanın II Qarabağ savaşından sonra qeyri-qanuni yollarla Azərbaycana keçib, Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasında göstərdiyi fəaliyyət erməni separatçılığını genişləndirməklə yanaşı, bölgədə gərginliyi artırmaqda davam edir. Üçtərəfli bəyanata əsasən erməni silahlıları ərazilərimizdən çıxarılmalı olduğu halda, rus sülhməramlılarının himayəsi altında Laçın yolundan ərazimizə keçən Vardanyan erməniləri müharibəyə, aksiyalara, ölkəmizə qarşı hədyanlarla dolu addımlar atmağa sövq edir.
Əgər Vardanyan üçtərəfli sazişin tələblərinin ziddinə olaraq qeyri-qanuni yolla, Azərbaycan sərhədlərini pozubsa, Qarabağa gəlib orda ekoloji terrora rəhbərlik edirsə, Azərbaycan qanunlarına zidd addımlar atırsa, buna qarşı hansı hüquqi addımlar atılmalıyıq. Bu gün qeyri-qanun yollarla qazandığı pullar hesabına Qarabağda kök salmağa çalışan separatçı Vardanyan amili necə zərərsizlədirilməlidir?
Asif Əsgərli, YAP idarə heyətinin üzvü, politoloq:
– Ruben Vardanyan Rusiyada varlanmasına baxmayaraq, onun adı Qərb dairələrində çirkli vəsaitlərin yuyulması, terrorçu və separatçılara dəstəkdə hallanır. Qərb institutları Vardanyanın Ukrayna məsələsində Luqansk, Donetsk separatçılarına dəstək verməsini zaman-zaman araşdırıb. Vardanyan Rusiya və Ermənistanın ikili vətəndaşlığına malikdir. Bu adamın birdən-birə Qarabağda peyda olması səbəbsiz ola bilməz. Bu gün məhz Azərbaycan ekoaktivistlərinin, vətəndaş cəmiyyəti fəallarının keçirdiyi aksiyaların səbəbi Qarabağda bizim nəzarətimizdə olmayan Rusiyanın müvəqqəti dislokasiyası olan ərazilərdə bir neçə faydalı filiz yataqlarının qeyri-qanuni mənimsənilməsi faktıdır. Çoxlarında belə təsəvvür yaranıb ki, Vardanyan Qarabağda qazandığı pulları ermənilərə paylayacaq. Əslində heç də belə deyil. Vardanyan Qarabağda yeraltı sərvətlərimiz hesabına özü üçün sərvət əldə etmək istəyir.
Vardanyanların Qarabağda törətdiyi cinayətlərin qarşısını almaq üçün Azərbaycanın atacağı bir sıra addımlar var. Bu gün ekoaktivistlərin Laçın-Xankəndi yolunda başladığı aksiya bu addımlardan biri kimi dəyərləndirilə bilər. Artıq Rusiya sühməramlılarının komandanı, Rusiya tərəfi Azərbaycanın mövqeyini anlayacaq.
Azərbaycan sülməramlılarının məsuliyyət zonasında olan ərazilərimizdə monitorinq aparıb yeraltı sərvətlərimizin talamasının qarşısını alandan sonra Vardanyan kimiləri Qarabağda qalmayacaq. Talançılıq etmək üçün özünə başqa yer axtaracaq. Onun Qarabağdakı fəaliyyəti üçtərəfli bəyanata ziddir. Rusiya Vardanyanın Qarabağa gəlməsinə ona görə şərait yaradıb ki, separatçı tör-töküntüləri maliyyələşdirsin. Vardanyan isə bu kimi işlərə ona görə vəsait qoyur ki, həm də qazanc götürsün.
Azərbaycan təkcə Vardanyan kimilərinə qarşı deyil, digər erməni separatçı cinayətkarlarına qarşı da beynəlxalq axtarış elan etməlidir. Şübhəsiz, Vardanyan da cinayət məsuliyyətinə cəlb olunmalı, barəsində cinayət axtarışı elan olunmalıdır.
Problemin həllinə köklü təsir edən əsas məqam Azərbaycanın Laçın yolunda tam nəzarət-buraxılış məntəqəsini, gömrük sistemini, sərhəd-mühafizə xidmətini yaratması və fəaliyyət göstərməsindən sonra baş verəcək. Bu, Vardanyan və onun kimilərinin bu ərazidə fəaliyyətini tamamilə məhdudlaşdıracaq. Ən son variant olaraq Azərbaycan problemin həllinə həmin ərazilərdə antiterror əməliyyatı aparıb, terrorçu qruplaşmaları, onları maliyyələşdirən vardanyanlara qarşı qəti tədbirlər görməklə nail ola biləcək.
Azər Hüseynov, siyasi şərhçi:
– Azərbaycanda rus-Vardanyan amilinin zərəsizləşdirilməsinin yeganə yolu ölkəmizin Türkiyə və eyni zamanda digər türk dövlətləri ilə inteqrasiyasının gücləndirilməsi, yeni konfiqurasiyaların yaradılmasıdır. Bura o cümlədən iqtisadi, siyasi və həmçinin də hərbi konfiqurasiyaların yaradılması daxildir. Əks halda, biz bu amilin zərərsizləşdirilməsində o qədər də nail ola bilmərik. Buna görə də Türkiyə ilə inteqrasiyanın gücləndirilməsi lazımdır. Digər tərəfdən, Qarabağa demoqrafik qayıdış sürətləndirilməlidir. Separatçı rejim ortadan qaldırılana qədər yerlərinə qayıdan əhali hərbiləşdirilməlidir. Siyasi təsiri yerli hərbiləşmiş əhali amili ilə gücləndirmək lazımdır. Burada dəyişən komponentləri də nəzərə almaq lazımdır. Lazım olanda yumşaq güc tətbiq etmək, lazım olanda ritorikanı balanslaşdırmaq lazımdır. Eyni zamanda, Azərbaycan öz maraqlarını hər şeydən öndə tutmalıdır. Digər dövlətlərin maraqlarının oynamasından ehtiyat edilməlidir. Region dövlətləri ilə öz gələcək perspektivlərinə uyğun siyasət yürütməlidir.
Zəlimxan Məmmədli, Haqq Ədalət Partiyası Ali Məclisinin sədri:
- Necə ki, erməni separatçılarının Qarabağa qanunsuz gediş-gəlişini təmin edən mövcud şərait var və rus sülhməramlıları buna göz yumur, Vardanyanın özbaşınalığı davam edəcək. Vardanyanların Qarabağa gəlişinin qarşısı Azərbaycanın bütün ərazilərdə suverenliyini bərpa edəndən sonra alınacaq.
Vardanyan Rusiya vətəndaşıdır və o, Azərbaycan ərazilərinə girmək üçün xarici ölkəyə giriş və çıxış qaydalarına əməl etməli idi. O, bu qaydalara əməl etmədən sərhədi qanunsuz keçərək Azərbaycanda qanunsuz yaşayırsa, sərhədi qanunsuz pozduğuna görə məsuliyyətə cəlb oluna bilər. İkinci tərəfdən, nə qədər ki, Qarabağın dağlıq ərazisində suveren hüquqlarımız bərpa edilməyib, sərhəddə giriş-çıxış Azərbaycanın nəzarəti altında deyil, bu cür halların qarşısını almaq çətin olacaq.
Mövcud reallığı nəzərə alaraq, Azərbaycan qəti şəkildə üçtərəfli bəyanatın müddüəlarının yerinə yetirilməsini tələb etməlidir. Üçtərəfli bəyanata əsasən qaçqınların Qarabağa gəliş-gedişi BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının nəzarəti altında həyata keçirilməlidir.
Üçtərəfli sazişdə göstərilən bu maddə pozulub, ora giriş Ermənistanın və onu himayə edən Rusiya sülhməramlılarının nəzarəti altında həyata keçirilir. Eləcə də media və monitorinq qrupunun suveren ərazilərimizə baxış keçirmək imkanlarını məhdudlaşdırırsa, demək, artıq Rusiya sülhməramlılarının ərazidən çıxarılması gündəmə gəlməlidir. Ermənistanın sülh danışıqlarına cəlb olunması və sülh müqaviləsi, eləcə də suveren hüquqlarımızın təmin olunması bu cür halların aradan qaldırılmasına gətirib çıxarda bilər. Vardanyanla bağlı cinayət işi açılmalıdır. O, Azərbaycan Respublikasının Konstitusiyasını, xarici vətəndaşlar haqqında qanunu pozub. Diplomatik, siyasi, hüquqi mübarizəmiz ardıcıl olsa, hüquqlarımızı bərpa etmək yönündə irəliləyişlər əldə edə bilərik.
Laçın, Xankəndi yolunda aksiyalarımız artan xətt üzrə inkişaf etməlidir. Artıq bizim Xocalıdan, Xankəndidən, Xocavənddən olan vətəndaşlarımızın öz ərazilərinə qaytarılması məsələsi aksiyanın tələbləri qisminə daxil olmalıdır. Bunun özü də Azərbaycanın həmin ərazilərdə suveren hüquqlarının təmin olunmasına gətirib çıxara bilər.